Haqqımızda

IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin mart ayının 1-dən etibarən Mərkəz rəsmi olaraq fəaliyyətə başlamışdır.

Əlacsız vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, IDEA Heyvanlara Qayğı Mərkəzi sahibsiz heynanlarla bağlı problemin həllində əsas diqqətini sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir. 

Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur. 

Mərkəzin baytarlıq klinası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramı üzrə Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərəcək, işçilər tərəfindən heyvanlar ən humanist üsullarla tutulacaqdır. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnir. Bütün heyvanların profil və tibbi məlumatları IACC-nin xüsusi elektron məlumat bazasına daxil edilir. 

Himayə bölməsində öz müxtəlif xüsusiyyətlərinə görə himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Bu heyvanlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və potensial sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır. Himayəyə verilən heyvanların profillərini öz internet səhifəsi və sosial şəbəkələrdə yerləşdirilir. 

Mərkəzin fəaliyyətinin digər bir zəruri sahəsi heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir. Mərkəzin konfrans zalı və digər hissələri heyvanlarla bağlı müxtəlif tədbirlər, təqdimat və mühazirələrin keçirilməsi üçün istifadə ediləcək. Heyvanlara humanist və məsuliyyətli yanaşmaların bəslənməsi məqsədilə uşaqlar və gənclər üçün sinifdənkənar proqram və tədbirlərlərin həyata keçirilməsi, IACC-nin elektron resursları və nəşrləri vasitəsilə əhali arasında müvafiq məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur. 

Sahibsiz heyvanların vəziyyətinə biganə olmayan könüllülərin köməyi Mərkəzin səmərəli fəaliyyəti üçün əsas şərtlərdən biridir. Mərkəzdə yerləşdirilən it və pişiklərə qayğı göstərməkdə yardım etmək istəyən heyvansevərlər IACC-nin xüsusi anket formasını doldurmaqla və daxili qaydalarına riayət etmək öhdəliyini imzalamaqla Mərkəzin fəaliyyətinə könüllü kimi qoşula bilər. 

Sponsorların ianə və dəstəyindən asılı olan IDEA Heyvanlara Qayğı Mərkəzi fiziki və hüquqi şəxslərdən maliyyə və digər maddi formada ianələr qəbul edir. Mərkəzin sponsoru olmaq istəyənlər öz dəstəyi müqabilində müxtəlif imtiyaz və imkanlar əldə edəcək. 

Əlavə məlumat üçün IDEA Heyvanlara Qayğı Mərkəzi ilə telefon (+994 12 565 66 55), elektron poçt ([email protected]) və ya Facebook və Instagram (@ideacares.az) vasitəsilə müraciət etmək olar.